Zob xesteliyinde qidalanma ve duz

02/Oct/2019

Qalxanabənzər vəzin və ya tiroid vəzin yaxşı işləməsi üçün meyvə və tərəvəzdən çox istifadə edilməli, zülalla zəngin qidalar qəbul edilməlidir. Orqanizmin zəruri miqdarda zülal qəbul etməsi qalxanabənzər vəzin yaxşı işləməsini təmin edir. Xüsusilə həftədə iki dəfə yağlı balıqla qidalanmaqla zəruri miqdarda Omeqa-3 yağ turşuları qəbul edilməlidir. Həddindən artıq karbohidratlı qida qəbulu və yağlı yeməklər qalxanabənzər vəzi üçün zərərlidir. Unlu və nişastalı qidalar da azaldılmalıdır.
Meyvə və tərəvəz ilə zəruri miqdarda A, C və E vitamini kimi antioksidan vitaminləri qəbul edənlərdə qalxanabənzər vəzin xərçənginə daha az rast gəlindiyi üçün çoxlu meyvə və tərəvəz yeyilməlidir.
Qara kələm, balqabaq, turp, ağ turp və gül kələmi kimi tərəvəzlər zob əmələ gətirmir. Bu səbəbdən onlardan rahatlıqda istifadə edilə bilər. Soya paxlasının zob əmələ gətirmə kimi bir təsiri olmamasına baxmayaraq, yod çatışmazlığı zamanı zobun yaranmasına səbəb ola bilər. Ölkəmizdə yod çatışmazlığı yüksək olduğundan, qalxanabənzər vəzinin sağlamlığını qorumaq üçün soya və soya tərkibli məhsulları çox istifadə etmək tövsiyə edilmir. Soyadan alınan İzoflavon prepartından menopauza zamanı ağırlaşmaları azaltmaq üçün tez-tez istifadə edilir. Əgər yod çatışmazlığınız varsa, İzoflavon preparatının zob və qalxanabənzər vəzi hormanlarında pozulmalara səbəb ola biləcəyini unutmayın.
Qalxanvari vəzimiz üçün əhəmiyyətli qidalardan biri müxtəlif meyvə və tərəvəzlərə rəng verən “flavonoid” adlı kimyəvi maddələrdir. Bunlar bizi xərçəng və ürək xəstəliklərindən qoruyur. Bu maddələr normal meyvə və tərəvəz ilə qəbul edildikdə, qalxanabənzər vəziyə heç bir zərər vermir, lakin dəstəkləyici preparatlarla (qenistein, kversetin kimi) həddindən artıq qəbul edildikdə, yodun qalxanabənzər vəz tərəfindən udulmasının qarşısını alaraq zobun yaranmasına səbəb ola bilər. Bitki tərkibli (herbal) dərmanlardan istifadə edərkən, onların tərkibində qenistein və kversetinin olmamasına diqqət yetirin.
Hindqozu, balıq və kətan toxumu qalxanabənzər vəzin yaxşı işləməsini təmin edir.
Kofein, alkoqol, siqarət və şəkər tozu qalxanabənzər vəzi üçün zərərli hesab olunur. Onlardan daha az istifadə edilməlidir.
Suların tərkibində xlor və flüorun həddindən artıq olması qalxanabənzər vəzinə zərər verdiyi üçün suda bu mineralların çox olmamasına diqqət yetirilməlidir. Xüsusilə fosfatlı gübrələrlə qarışmış suda xlorun miqdarı daha çox olur və zobun yaranmasına səbəb olur.
Dişlərin müalicəsi zamanı amalqam və civədən istifadə etməməkdə qalxanabənzər vəzin sağlamlığı üçün əhəmiyyət daşıyır.
Qalxanvari vəzi tərəfindən sintez edilən T4 hormonun T3 hormonuna çevrilməsində faydalı olan selen, sink, E vitamini və B6 vitamini tərkibli qidaların zəruri miqdarda qəbulu qalxanabənzər vəzin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır.
Ölkəmizdə selen və yod çatışmazlığı var. Qalxanabənzər vəzi xəstəliklərindən qorunmaq üçün yodlu duz yeyilməli və selenlə zəngin qidalar qəbul edilməlidir.
Selenin əhəmiyyəti:
Kişilər gündə 75 mq, qadınlar isə gündə 60 mq selen qəbul etməlidir. Qandan selenin səviyyəsi minimum 85mq/L olmalıdır. Bir dilim buğda çörəyində 10 mq selen var. Qoz, ət, içalat, balıq və qabıqlı dəniz məhsulları, kəpəkli unlar, süd məhsulları, meyvə-tərəvəz və yumurta kimi qidaların tərkibi selen ilə zəngindir.
Tərkibində zülal az olan məhsullarla qidalanma zamanı selen çatışmazlığına tez-tez rast gəlinir və qalxanabənzər vəzin ifraz etdiyi hormonlar  orqanizma kifayət qədər təsir edə bilmir. Qeyd etdiyimiz kimi, bir dilim tam buğda çörəyində 10 mq selen var. Bu səbəbdən ağ çörək yerinə tam buğdadan hazırlanan çörəkdən istifadə edilməlidir. Qoz, qırmızı ət, balıq və qabıqlı dəniz məhsulları, kəpəkli unlar, süd məhsulları, meyvə-tərəvəz və yumurta kimi qidaların tərkibində selen miqdarı yüksəkdir. Həddindən artıq selen qəbulu zərərlidir. Gündəlik 400 mq-dan çox selen qəbul edilməməlidir. Yüksək  miqdarda selen qəbulu nəticəsində T3 hormonu azalır və TSH (tireoid stimulə edici hormon) hormonu artır və yüngül formalı qalxanvari vəzi çatışmazlığı yaranır, çəki artır. Selen çatışmazlığı zamanı orqanizmdə E vitamini azalır və qalxanabənzər vəzin iltihabına tez-tez rast gəlinir. Bu səbəbdən selen və E vitaminin birlikdə qəbulu tövsiyə edilir.
Sink çatışmazlığı:
Sink çatışmazlığı zamanı qalxanabənzər hormonların metabolizması pozulur və qanda T3 və T4 hormonu 30% azalır. T4 hormonun T3 hormonuna çevrilməsini təmin edən ferment sink çatışmazlığı zamanı 67% nisbətində azaldığı üçün T3 hormonu çatışmazlığı yaranır. Bu səbəbdən sinklə zəngin pendir, mal əti, kəpəkli çörək, toyuq, yumurta sarısı, süd və süd məhsulları, balıq, kartof, qoz, badam, dənli bitkilər, quru lobya, kələm, günəbaxan toxumu və quzu əti kimi qidalar qəbul etmək qalxanabənzər vəzimizin sağlamlığı üçün vacibdir.
Duzdan istifadə:
Zobun yaranmasında ən böyük amil torpaq və suda zəruri miqdarda duzun olmamasıdır. Zob xəstəliklərinin qarşısını almaq məqsədilə bazarda satılan duzlar 1999-cu ildən etibarən yodlaşdırılır. Duzların yodlaşdırılması zob xəstəliyinin qarşısını almaqla yanaşı, həddindən artıq yod qəbulu bəzi şəxslərdə zərərli yan təsirlərə və ya xəstəliklərə səbəb ola bilər. Bazardakı duzların yodlaşdırılmasından sonra klinikamıza müraciət edən xəstələrdə hipertiroidizm adlanan qalxanabənzər vəzinin normadan çox işləməsi ilə xarakterizə olunan xəstəliyin (xalq arasında buna zəhərli zob da deyilir) rastlanma tezliyi getdikcə artmışdır. Qalxanabənzər vəzi normadan az işləyən xəstələrdə (hipotiroidizmi olanlar) yodlu duzdan istifadə bu xəstəliyi daha da ağırlaşdırmışdır. Bu səbəbdən yeməklərdə istifadə etdiyimiz duzun yodlaşdırılmış və ya yodsuz olması bəzi şəxslər üçün əhəmiyyət daşıyır.
Kimlər yodlaşdırılmış duzdan istifadə etməlidir?
Bədənimizdə boyunuzumun ön hissəsində yerləşən qalxanabənzər vəzin zəruri miqdarda hormon ifraz etməsi üçün gündəlik ən azı 150 mq yod qida və içəcəklər vasitəsilə qəbul edilməlidir. Zəruri miqdarda yod qəbul etmədikdə, zob xəstəliyi yaranır. Zob xəstəliyinin qarşısını almaq üçün daha əvvəl qalxanabənzər vəzi xəstəliyi keçirməyən uşaqlar, böyüklər və hamilə qadınlar yodlaşdırılmış duzdan istifadə etməlidir. Qalxanabənzər vəzi xəstəliyinizin olduğundan şübhələnirsinizsə, endokrinoloqa müraciət edin. Hansı duzdan istifadə edəcəyinizə endokrinoloq qərar verməlidir. Uşağın anasından əmdiyi südün tərkibində olan yod uşağın beyninin inkişafı üçün çox vacibdir. Ana südü ilə zəruri miqdarda yod qəbul edilmədikdə, uşağın beyni yaxşı inkişaf etmir. Bu səbəbdən körpəsinə süd verən anaların yodlaşdırılmış duz qəbul etməsi və ya zərur miqdarda yod qəbul etməsi olduqca önəmlidir. Bu məqsədlə tərkibində yod olan vitaminlər qəbul edilə bilər. Ana siqaretdən istifadə etdikdə, südlə körpəyə keçən yodun miqdarı azalır. Buna görə də, körpənizi südlə qidalandırdığınız dövrdə siqaretdən istifadə etməyiniz sizin qədər körpənizin sağlamlığı üçün də zərərlidir. Siqaretdən istifadə edirsinizsə, daha çox yod qəbul etməlisiniz.
Kimlər yodsuz duzdan istifadə etməlidir?
Düyünlü zob, hipertiroidizm (qalxanabənzər vəzi normadan çox işləyən və ya zəhərli zobu olanlar), hipotiroidizm (qalxanabənzər vəzi normadan az işləyənlər) olan xəstələr xüsusilə yodsuz duz qəbul etməlidir. Bu cür xəstlərə yodlaşdırılmış duz qəbul etdikdə, xəstəlikləri ağırlaşır. Yodlaşdırılmış duzdan istifadə edən xəstədə qəbul edilən yod düyünün normadan çox işləməsinə və hipertiroidizm adlandırdığımız qalxanabənzər vəzin normadan çox işləməsi (tərləmə, ürək döyünməsi, arıqlama, əsəbilik, əllərdə titrəmə ilə özünü bürüzə verir) ilə xarakterizə olunan xəstəliyin yaranmasına səbəb olur. Qanda anti-TPO (tireoperioksidazaya qarşı anticisimlər) miqdarı yüksək olan şəxslər yodlaşdırılmış duzdan istifadə etdikdə, bu, qalxanabənzər vəzin normadan az işləməsinə səbəb ola bilər. Bu cür xəstəliyi olanlar xüsusilə yodsuz duz qəbul etməlidir. Yodsuz duz supermarket və ya dükanlarda satılır və onların qablaşdırmasında və ya etiketində yodsuz duz olduğu yazılır. Duz alarkən buna xüsusi diqqət yetirin. Ailədə bir nəfər yodsuz duz qəbul edirsə, yeməklər duzsuz bişirilir və hər kəs öz duzundan istifadə edir. Çünki inkişafda olan uşaqlar ilə hamilə və körpəsini südlə qidalandıran qadınların yoda ehtiyacı var. Yodsuz duz qəbul etməli olan və qalxanvari vəzi xəstəliklərindən əziyyət çəkən şəxslər rentgen zamanı istifadə edilən və tərkibində yod olan dərmanlardan da təsirlənir. Koronar anqioqrafiya və ya tomoqrafiya zamanı istifadə edilən dərmanlardan 3-5 gün sonra müvəqqəti qalxanabənzər vəzi çatışmazlığı yarana bilər.


ƏLAQƏ MƏLUMATLARI

(050) 319-33-83

İŞ SAATLARI
B.ERT.-ŞƏNBƏ: 08:00 – 17:00

© Zobhekimi.az Bütün hüquqlar qorunur.