Orqanizmindəki tüklərin və ya saç tellərinin və hətta qaşların inkişafı üçün qanda zəruri miqdarda tireoid hormonları olmalıdır. Qalxanabənzər vəzin çatışmazlığı zamanı qanda tireoid hormonları azaldığı üçün saçlar tökülməyə başlayır və hətta qaşların xaricində də tökülmələr olur. Orqanizmdə tireoid hormonlarının az olması nəticəsində maddələr mübadiləsi zəiflədiyi üçün bağırsaqlardan sorulan vitamin və mineralların udulmasında pozulma da saçların tökülməsinə təsir göstərir. Bu xəstələr müalicə məqsədilə tərkibində levotiroksin olan tireoid dərmanları istifadə etdikdən sonra saçların tökülməsi azalır, dayanır və yeni saçlar çıxmağa başlayır. Bununla yanaşı vitamin müalicəsi aparılmalı və çatışmayan minerallar (dəmir, sink kimi) qəbul edilməlidir. Bundan əlavə, omeqa-6 yağ turşularının qəbulu da faydalı hesab olunur. Hormonlar normal səviyyəyə gəldikdən sonra belə saçların tam sağalması uzun müddət tələb edir. Buna görə də, səbrli olun. Hormonlar normal səviyyəyə gəldikdən sonra saç tökülməsi davam edərsə, başqa hormon pozulamaları araşdırılmalıdır. Xüsusilə qadınlarda rast gəlinən androgenetik (kişi tipli) saç tökülməsi qanda kişi hormonunun (testosteron) artmasından qaynaqlana bilər. Bu şəxslərdə yumurtalıqların və böyrəküstü vəzin hormonları müayinə olunmalıdır.
Alopecia areata (ocaqlı dazlıq) adlanan saçlı dərinin bir və ya bir neçə yerində dairəvi şəkildə tüklərin tökülməsi Haşimoto xəstəliyində tez-tez rastlanır. Bu cür xəstələrdə tireoid hormonları və anti-TPO səviyyəsi yoxlanılmalıdır. Hormon çatışmazlığı və ya antitel yüksəkliyi varsa, tireoid hormon əvəzedici dərmanları qəbul edilməlidir.
Tərkibində levotrioksin olan tireoid dərmanlarından istifadə edən bəzi xəstələrdə saç tökülməsinin artması şikayəti ilə tez-tez rastlaşırıq. Bu dərmanlar əslində saç tökülməsini artırmır. Lakin dərmanın dozası yüksək olduqda, bəzən saç tökülməsində artım ola bilər. Bu şəxslərdə hormon səviyyələri yoxlanılmalı və dəmir çatışmazlığı, sink çatışmazlığı və qansızlığın olub-olmadığı aparılacaq müayinələrdə araşdırılmalıdır. Xüsusilə qadınlarda dəmir çatışmazlığı ilə bağlı qansızlıq və saç tökülməsinə çox tez-tez rast gəlindiyindən xüsusilə ilə dəmir çatışmazlığı ilə bağlı araşdırma aparılmalıdır.

