zob ve ariqlama

zob-ve-ariqlama.jpg
02/Oct/2019

Qalxanabənzər vəzin çatışmazlığı maddələr mübadiləsini zəiflədən və bu səbəbdən xəstələrin əvvəlki çəkilərinə nisbətdə 15-30% kilo almalarına səbəb olan xəstəlikdir. Buna görə də,  qalxanabənzər vəzin çatışmazlığı xəstəliyi müalicə olunmadan çəkinin itirilməsi çox çətindir. Tireoid hormonu əvəzedici dərmanları  ilə xəstələrin əksəriyyətində müalicə ilə birlikdə çəki itirilsə də, xəstələrin 17%-i çəkisini itirmir. Xüsusilə menopauz dövründə olan qadınlarda bu halla tez-tez qarşılaşılır. Həm menopauz, həm də qalxanabənzər vəzin çatışmazlığı çəkinin itirilməsinə mane olur.

Qalxanabənzər vəzin çatışmazlığı olmayan, arıqlamağa çalışan şəxslər müəyyən miqdarda çəki atdıqdan sonra atılan çəkinin miqdarı azalır və ya dayanır. Bu orqanizmin özünün müdafiə mexanizmidir. Orqanizm artıq çəkinin itirilməsinə müqavimət göstərir. Bu müqavimət tireoid hormonlarının azalması ilə yanaşı başqa hormonların ifrazının artması ilə də yarana bilər. Kalori miqdarı, yəni qəbul edilən qidanın miqdarı azaldıqca, orqanizmdə olan T4 hormonun T3 hormonuna çevrilməsi azalır və nəticədə hüceyrələrə daxil olan və təsir edən T3 hormonu azaldıqca, maddələr mübadiləsi zəifləyir və çəki itirə bilmirik.

Qəbul edilən kalorinin miqdarı azaldıqca, pəhriz saxlayarkən az miqdarda qida qəbul etdikcə, piy hüceyrələrində ifraz olunan  Leptin hormonunun miqdarı qanda azalır. Doyma hissini beynə xəbər verən Leptin hormonunun azalması nəticəsində, beyində iştaha mərkəzi oyanaraq iştahanı artırır və çox miqdarda qida qəbulunə səbəb olur.

Arıqlamağa mane olan digər hormon isə Qrelin hormonudur. Bu hormon mədədən ifraz olunur və qana qarışaraq beyinə ötürülərək qida qəbulunu artırır. Arıqlamaq üçün pəhriz saxlayaraq qanda bu hormonun miqdarı artır və çəkinin itirilməsinin qarşısını alır. Bu hormonun ifrazının qarşısını ala biləcək dərman isə hələ mövcud deyil.

Orqanizmdə bəzi mineralların çatışmazlığı da arıqlamağın qarşısını alır. Manqan, xrom, sink, kalsium və maqnezium çatışmazlığı xüsusilə əhəmiyyət daşıyır. Bu minerallarda aşkar olunan çatışmazlıqlar müalicə ilə aradan qaldırılmalıdır.

T4 hormonun T3 hormonuna çevrilməsində selen mineralı da mühüm əhəmiyyət daşıdığı üçün arıqlaya bilməyən şəxslərdə selen çatışmazlığının olub-olmadığı yoxlanılmalıdır. Selen çatışmazlığı varsa, bunun aradan qaldırılması vacibdir. Bundan əlavə, sink, dəmir, mis mineralları da T4 hormonun T3 hormonuna çevrilməsində əhəmiyyətlidir. Bu minerallarda da çatışmazlığın olmadığı yoxlanılmalıdır.

Omeqa-3 qəbulunun artırılması da çəkinin itirilməsi üçün  faydalı ola bilər. Omeqa-3 yağ turşuları tireoid hormonlarının hüceyrələrə təsirini artırır. Qanda insulinin miqdarı yüksək olduqda, çəki verilməsində problemlər yarana bilər. Qanda insulin hormonun miqdarını azaltmağın əsas yollarından biri tərkibində şəkərin miqdarı yüksək olan karbohidratları qəbul etməməkdir. Ağ çörək, şəkər tozu, makaron, kartof, tort, şirniyyat, şokolad kimi tərkibində şəkərin miqdarı yüksək olan qidalar qanda insulin  miqdarını artıraraq çəki itirməyə imkan vermir. Bu qidaların əvəzinə tam buğda unundan hazırlanmış çörək (kənd çörəyi kimi), kəpəkli makaron, noxud, quru lobya, mərcimək, göy noxud, meyvə və tərəvəzlə qidalanmalısınız.

Qalxanabənzər vəzin çatışmazlığı olan xəstələrdə maddələr mübadiləsi zəiflədiyi üçün karbohidratların (unlu, şəkərli qidalar) udulması və ya parçalanması və qandakı şəkərin hüceyrələrə ötürülməsi çətinləşir. Bu səbəbdən orqanizm qanda insulin hormonunun ifrazını artıraraq qanda şəkərin miqdarını aşağı salmağa çalışır. İnsulin miqdarı artdıqca, iştahımız artır və kilo alırıq. İnsulin hormonun miqdarının artması ilə gün ərzində qanda şəkərin miqdarını azaldığı üçün yorğunluq, baş gicəllənməsi, qəzəb, qəfildən əsəbləşmə, qışqırma və aclıq hissi yaranır. Bu əlamətlərin olması, qanda şəkərin miqdarının düşməsinə işarədir. Bunu aşkar etmək üçün 3-4 saatlıq OGTT (oral qlükozaya tolerantlıq testi) tətbiq olunmalıdır.

Stress altında olan şəxslərdə stress hormonu olaraq adlandırılan kortizolun miqdarı artır və yüksəlmiş kortizol hormonu da qanda şəkərin səviyyəsini artırır.

Yuxarıda qeyd edilən amillər hipotiroidizmi olan xəstələrin çəkisinin artmasına, qan şəkərinin azalmasına səbəb olur. Arıqlaya bilmədikdə isə gələcəkdə şəkər xəstəliyi yaranır.

Bu səbəbdən karbohidrat və yağın miqdarı az olan qidalar qəbul edərək və idman edərək arıqlamağa çalışmalısınız.

Düzgün qidalanmağınıza və idmanla məşğul olmağınıza baxmayaraq, arıqlaya bilmirsinizsə, həkiminiz sizə müəyyən dərmanlar yazacaq. Bu dərmanlar arıqlamağınıza kömək edəcək.

Hipertiroidizmi olan xəstələrin selen qəbul etməsi T4 hormonunun T3 hormonuna çevirilməsini artıraraq hüceyrələrdə tireoid hormonlarının artırılmasına və maddələr mübadiləsinin sürətlənməsinə kömək edə bilər. Bu səbəbdən qanda selen miqdarını yoxlatdırmalısınız. Çatışmazlıq olduqda, həkiminiz selenin artırılması üçün dərmanlar yazacaq.

Arıqlaya bilməyən qalxanabənzər vəzin çatışmazlığı olan xəstələrin T4 və T3 dərmanlarını birlikdə qəbul etməsi bəzən faydalı ola bilər. TSH hormonun 1.5-2.5 arasında saxlanılmasının təmin edərək həkiminiz bu dərmanları tənzimləyəcək.

Yuxarıda qeyd edilənlərə əməl etməsinə baxmayaraq arıqlaya bilməyən şəxslərdə digər səbəblər araşdırılmalıdır. Bunlar insulin çatışmazlığı, reaktiv hipoqlikemiya, depressiya, stress, yuxu pozulmaları, bəzi mineral və vitamin çatışmazlıqları və qida allergiyaları ola bilər. Xüsusilə selen, sink və dəmir çatışmazlığınız varsa, bunların müalicəsi arıqlamağınız baxımından çox vacibdir.

Yekun olaraq, qalxanabənzər vəzin çatışmazlığı olan xəstələr arıqlaya bilmirlərsə, aşağıdakı səbəblər araşdırılmalıdır:

  1. Dərman yetərli səviyyədə qəbul edilirmi? TSH miqdarı lazımi səviyyədədirmi? TSH miqdarını 1-1.5 səviyyəyə aşağı salmaqla, çəkinin itirilməsinə nail olmaq olar.
  2. Qida allergiyasının olub-olmadığı araşdırılmalıdır. Qida allergiyası olduqda, çəkinin itirilməsində çətinlik yaranır.
  3. Qanda insulin miqdarı ölçülür. İnsulinin miqdarı yüksək olduqda, bununla bağlı müalicə təyin olunur.
  4. Ola bilsin ki, kalori miqdarını lazımı səviyyədə azaltmamısınız.
  5. Selen, vitamin B, yağ turşuları, maqnezium və kalsium çatışmazlığınız varsa, arıqlaya bilmirsiniz.
  6. Psixoloji stress varsa, aradan qaldırılmalıdır. Stress altında olan şəxslərin arıqlaması çətinləşir.
  7. Qanda anti-TPO səviyyəsi ölçülür. Yüksək olduqda, müvafiq müayinə və müalicə təyin olunur.
  8. Digər hormon pozulmalarının olub-olmadığı araşdırılır (kortizol çatışmazlığı, yumurtalıqda kistalar, prolaktin hormon səviyyəsinin yüksəlməsi, qanda kalsiumun azlığı kimi).

ƏLAQƏ MƏLUMATLARI

(050) 319-33-83

İŞ SAATLARI
B.ERT.-ŞƏNBƏ: 08:00 – 17:00

© Zobhekimi.az Bütün hüquqlar qorunur.