zob ve sac tokulmesi

zob-ve-sac-tokulmesi.jpg
02/Oct/2019

Orqanizmindəki tüklərin və ya saç tellərinin və hətta qaşların inkişafı üçün qanda zəruri miqdarda tireoid hormonları olmalıdır. Qalxanabənzər vəzin çatışmazlığı zamanı qanda tireoid hormonları azaldığı üçün saçlar tökülməyə başlayır və hətta qaşların xaricində də tökülmələr olur. Orqanizmdə tireoid hormonlarının az olması nəticəsində maddələr mübadiləsi zəiflədiyi üçün bağırsaqlardan sorulan vitamin və mineralların udulmasında pozulma da saçların tökülməsinə təsir göstərir. Bu xəstələr müalicə məqsədilə tərkibində levotiroksin olan tireoid dərmanları istifadə etdikdən sonra saçların tökülməsi azalır, dayanır və yeni saçlar çıxmağa başlayır. Bununla yanaşı vitamin müalicəsi aparılmalı və çatışmayan minerallar (dəmir, sink kimi) qəbul edilməlidir. Bundan əlavə, omeqa-6 yağ turşularının qəbulu da faydalı hesab olunur. Hormonlar normal səviyyəyə gəldikdən sonra belə saçların tam sağalması uzun müddət tələb edir. Buna görə də, səbrli olun. Hormonlar normal səviyyəyə gəldikdən sonra saç tökülməsi davam edərsə, başqa hormon pozulamaları araşdırılmalıdır. Xüsusilə qadınlarda rast gəlinən androgenetik (kişi tipli) saç tökülməsi qanda kişi hormonunun (testosteron) artmasından qaynaqlana bilər. Bu şəxslərdə yumurtalıqların və böyrəküstü vəzin hormonları müayinə olunmalıdır.

Alopecia areata (ocaqlı dazlıq) adlanan saçlı dərinin bir və ya bir neçə yerində dairəvi şəkildə tüklərin tökülməsi Haşimoto xəstəliyində tez-tez rastlanır. Bu cür xəstələrdə tireoid hormonları və anti-TPO səviyyəsi yoxlanılmalıdır. Hormon çatışmazlığı və ya antitel yüksəkliyi varsa, tireoid hormon əvəzedici dərmanları qəbul edilməlidir.

Tərkibində levotrioksin olan tireoid dərmanlarından istifadə edən bəzi xəstələrdə saç tökülməsinin artması şikayəti ilə tez-tez rastlaşırıq. Bu dərmanlar əslində saç tökülməsini artırmır. Lakin dərmanın dozası yüksək olduqda, bəzən saç tökülməsində artım ola bilər. Bu şəxslərdə hormon səviyyələri yoxlanılmalı və dəmir çatışmazlığı, sink çatışmazlığı və qansızlığın olub-olmadığı aparılacaq müayinələrdə araşdırılmalıdır. Xüsusilə qadınlarda dəmir çatışmazlığı ilə bağlı qansızlıq və saç tökülməsinə çox tez-tez rast gəlindiyindən xüsusilə ilə dəmir çatışmazlığı ilə bağlı araşdırma aparılmalıdır.

 

 

 

 

 

 


zob-ve-allergiya.jpg
02/Oct/2019

Bəzi allergik xəstəliklər tireoid xəstəlikləri ilə birlikdə meydana çıxır. Məxmərək adlanan və özünü dəridə səpkilər və qaşıntı şəklində büruzə verən xəstəlik və burun tutulması və tez-tez asqırma və burunun axması ilə özünü göstərən burunun selikli qişasının xəstəliyi olan allergik rinitə xüsusilə tireoid antiteli (anti-TPO) yüksək olan xəstələrdə tez-tez rast gəlinir. Qalxanabənzər vəzi xəstəliyi olanlarda allergik xəstəliklərin yüksək olma səbəbi hələ öyrənilməmişdir.

Allergik riniti olan xəstələrdə bəzən Qreyvs hipertiroidizmi adlanan tireoid vəzinin normadan çox işləməsi ilə xarakterizə olunan xəstəlik yarana bilər. Bunun səbəbi tam öyrənilməmişdir. Bununla yanaşı, hər iki xəstəliyin də mövsümi xarakter daşıması təəcüblüdür.

Xüsusilə məxmərək adlanan dəridə qırmızı rəngli səpkilər və qaşıntı ilə özünü büruzə verən xəstəliyi olanlarda tireoid hormonlarında dəyişiklik və ya 5-35% xəstədə qanda anti-TPO səviyyəsinin yüksək olması müşahidə olunur. Antitel səviyyəsi yüksək olan xəstələrdə isə 40-54% nisbətində qalxanabənzər vəzin çatışmazlığının olduğu və ya sadəcə TSH hormon səviyyəsinin yüksək olduğu müəyyən edilmişdir.

Qreyvs hipertiroidizmi olan xəstələrin bir qismində də məxmərək mövcuddur.

Bu səbəbdən məxmərəyi olan xəstələrdə tireoid hormonları, anti-TPO səviyyəsi və anti-tiroqlobulin səviyyələri ölçülməlidir və onlara vaxtaşırı nəzarət olunmalıdır.

Məxmərəyi olan xəstələrdə tireoid hormon səviyyələri normal olsa da, levotiroksin tərkibli dərmanlardan istifadə faydalı hesab olunur. Bu dərmanlardan istifadə edən xəstələrdə məxmərək xəstəliyinin daha tez sağaldığı müəyyən edilmişdir.


zob-ve-terleme.jpg
02/Oct/2019

Tireoid hormonlarının sekresiyası çox olan insanlarda tərləmə səviyyəsi yüksək olur. Qanda tireoid hormonlarının çox olması maddələr mübadiləsini sürətləndirərək tər vəzilərinin həddindən artıq işləməsinə və nəticədə tərləmə səviyyəsinin yüksək olmasına səbəb olur. Əl, qoltuq altı və ayaqda həddindən artıq tərləməyə qalxanabənzər vəzi xəstəliyinin səbəb olub-olmadığını müəyyən etmək üçün tireoid hormonları (T3 və T4) və TSH hormon səviyyəsi müayinə olunmalıdır.

Qalxanabənzər vəzi xəstəliyi olmadığı halda həddindən artıq tərləmə olursa, bunun səbəbləri araşdırılmalıdır. Bəzən bütün araşdırmalara baxmayaraq tərləmənin heç bir səbəbi aşkar olunmur. Bəzi metobolik xəstəlikləri, qızdırma xəstəliyi və dərmanlar da tərləməyə səbəb ola bilər.

Tərləmə əsasən 3 növdə özünü büruzə verir.

  1. Stress səbəbiylə əmələ gələn növ: ovuclar, ayaq dabanı və qoltuq altı tərləyir.
  2. Lokal tərləmə
  3. Ümumi (bədənin hər tərəfində yaranan) tərləmə.

Ümumi tərləmə sinir sisteminin normadan çox işləməsi ilə yanaşı metobolik xəstəliklər, qızdırma xəstəliyi və ya xərçəng səbəbiylə də yarana bilər. Bu cür tərləmə yeniyetməlik dövründə və ümumilikdə 1% nisbətində rast gəlinir. Qadın və kişilərdə eyni tezlikdə müşahidə olunur. Müntəzəm olaraq spirtli içki qəbul edənlərdə tərləmə səviyyəsi yüksək olur. Yetkin yaşda tərləmə aşağıdakı xəstəliklər səbəbindən yarana bilər:

  • Sinir sistemi xəstəlikləri
  • Hipertiroidizm (tireoid hormonlarının sekresiyasının çox olması)
  • Bəzi xərçəng növləri
  • Hipotiroidizm (tireoid hormonlarının sekresiyasının az olması)
  • Şəkər xəstəliyi
  • Yüksək hərarətlə müşahidə olunan xəstəliklər
  • Dideral və bəzi antidepresant dərmanlar
  • Spirtli içki aludəçiləri
  • Hodgkin xəstəliyi
  • Vərəm
  • Qan şəkərinin aşağı düşməsi (hipoqlikemiya)
  • Sidik turşusunun yüksək olması
  • Podaqra xəstəliyi (qanda sidik turşusunun yüksək olması)
  • Feoxromasitoma (böyrəküst vəzində yaranan və təzyiqin yüksəlməsi ilə özünü büruzə verən şiş)
  • Menopauz dövrü

Tərləmə səviyyəsi həddindən artıq olanlarda aşağıdakı müayinələr aparılmalıdır:

  • T3, T4 və TSH hormonları
  • Aclıq halından qan şəkəri və OGTT (oral qlükozaya tolerantlıq testi) testləri
  • Qan və sidikdə adrenalin və noradrenalin
  • Sidikdə metanefrin və ya VMA-vanillilmandel turşusu testi
  • Sidik turşusunun ölçülməsi
  • PPD testi (vərəm üçün)
  • Ağciyər R-qrafiyası

zob-ve-hamilelik.jpg
02/Oct/2019

Qalxanabənzər vəzi xəstəlikləri qadınlarda menstrual tsikli və ovulyasiyanı (yumurtlama) pozaraq hamiləliyə mane olur.

Uşaq istədiyi halda hamilə qala bilməyən qadınlarda TSH, sərbəst T3, sərbəst T4 və anti-TPO (tireoperioksidazaya qarşı anticisimlər) yoxlanılmalıdır. TSH (tireoid stimulə edici hormon) səviyyəsi 1.5-dən yüksək olan qadınlara tireoid hormonu əvəzedici dərmanlar yazıla bilər. Anti-TPO səviyyəsi yüksək olan lakin hamilə qala bilməyən qadınlara da əvəzedici tireoid terapiyası tətbiq edilə bilər. Selenium terapiyası da bu qadınlar üçün faydalı ola bilər.

Tireoid hormonlarının sekresiyası yüksək olan qadınlara isə başqa müalicə planı təyin olunur.

Hamilə qala bilməyən qadınlarda yod çatışmazlığının olub-olmadığı yoxlanılmalıdır. Yod çatışmazlığı ovulyasiyasını poza bilər.

İn vitro mayalandırma (süni mayalandırma) yolu ilə dünyaya uşaq gətirmək istəyən qadınlarda anti-TPO səviyyəsi yüksək olduqda, uğursuzluq riski artır. Bəzi tədqiqatlar bu xəstələrdə aspirin və ya aşağı dozada heparinin qəbulunun faydalı olduğunu göstərmişdir.

Qalxanabənzər vəzi hormonların çox və ya az sekresiyası qadınlarda menstrual tsikli pozur və hamiləliyə mane olur.

Hamilə qala bilməmək və ya sonsuzluq problemi qadınlarda əsasən endometriozis adlanan yumurtalığın daxilini örtən təbəqənin xəstəliyi (11%), yumurtalıq kanallarının xəstəliyi (30%) və yumurtalıqların düzgün işləməməsi (59%) səbəbiylə yaranır.

Hamilə qala bilməyən qadınların 18%-də qanlarında anti-TPO səviyyəsini yüksək olduğu aşkarlanmışdır. Bununla yanaşı, endometriozis xəstəliyi olan qadınların 50%-də, yəni hər iki xəstədən birində anti-TPO səviyyəsini yüksək olduğu müəyyən edilir. Bu antitelin yüksək olmasının hamiləliyə necə mane olduğu isə tam öyrənilməmişdir. Məlum olan mexanizm bu antitellərin tireoid hormonlarının sekresiyasının azalmasına səbəb olması və ovulyasiyanı pozmasıdır.

Anti-TPO antiteli yüksək olan və tireoid hormonlarının sekresiyası az olan qadınlarda süni mayalandırmada müvəffəqiyyət faizi aşağıdır. Bu səbəbdən bu qadınlar süni mayalandırmadan öncə müalicə almalıdır.

Qalxanabənzər vəzinin normadan az işləməsi menstrual tezliyi azaldır və menustruasiya zamanı qanaxmanın miqdarını artırır. Qanaxmanın yüksək olması bu xəstəlikdə yaranan qan laxtalanmasının azalmasına və ya qanın həddindən artıq durulaşması ilə bağlıdır. Hipotiroidizmi olan qadınların 23.4%-də menstrual nizamsızlıq müşahidə olunur.

Qalxanabənzər vəzi normadan az işləyən qadınlarda cinsi istək azaldığı üçün ovulyasiya pozulur və hamilə qalma şansı azalır. Yüngül qalxanabənzər vəzin çatışmazlığı olan qadınlar (sadəcə TSH hormonu yüksək, T3 və T4 hormonu normal olanlar) hamilə qalsalar da, düşmə riski yüksəkdir.

Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq, süni mayalandırmaya müraciət edəcək qadınlar və ya sonsuzluq problemi olan qadınlar mütləq TSH, T4 və anti-TOP antitelini yoxlatdırmalıdır. Anada tireoid hormonlarının normal olması xüsusilə hamilələyin ilk üç ayında körpənin beyninin inkişafı üçün çox vacibdir. Körpənin beyin inkişafı bu ilk üç ayda anadan göbək bağı ilə gələn tireoid hormanlarından asılıdır. Annadan tireoid hormonlarının sekresiyası az olduqda, körpənin beyni yaxşı inkişaf etmir. 12-ci həftədən sonra körpə tireoid hormonlarını özü ifraz etməyə başladığı üçün ilk 3 ay böyük əhəmiyyət daşıyır. Anada hamiləliyin əvvəlində qalxanabənzər vəzin çatışmazlığının olması (tireoid hormonlarının sekresiyasının az olması) körpənin zəka səviyyəsinin (İQ) aşağı olmasına səbəb olur. Aparılan elmi araşdırmalar nəticəsində tireoid hormonları az olan anadan doğulan uşaqlarda zəka səviyyəsinin 35%-dən az olduğu aşkar olunmuşdur. Bu uşaqların məktəbdə uğurları və dostları ilə münasibətləri də aşağı səviyyədədir. Bu səbəbdən hamilə olduğunu öyrənən bütün analar vaxt itirmədən tireoid hormonlarını müayinə etdirməlidir.

Hər 100 hamilə qadının 2 və ya 3-də diaqnoz qoyulmamış qalxanabənzər vəzi çatışmazlığı var. Bu, xüsusilə qanında anti-TPO səviyyəsi yüksək olan hamilə qadınlarda daha yüksək olub 15% nisbətində rast gəlinir. Bu səbəbdən hamilə qalmadan öncə qanınızda anti-TPO səviyyəsinin yüksək olması hamiləlikdə qalxanabənzər vəzi çatışmazlığının baş verməsi riskinin yüksək olması deməkdir.

Hamiləlik dövründə yod çatışmazlığı olan qadınlarda da tireod hormonlarının sekresiyasında azalma baş verir. Bu səbəbdən hamiləlik dövründə yodlaşdırılmış duz qəbul etmək vacibdir.

Daha əvvəldən qalxanabənzər vəzin çatışmazlığı varsa, istifadə etdiyiniz Levotiroksin dərmanın dozasını hamilə qaldığını öyrəndiyiniz vaxt tənzimləmək üçün endokrinoloqa müraciət edərək müayinələrdən keçin.

Qalxanabənzər vəzin çatışmazlığı olan hamilə qadınlarda düşmə riskinin yüksəldiyini unutmayın. Tireoid hormonları normadan az işləyən qadınlarda uşaq salma sayının hamiləliyin 4-6-cı ayları arasındakı müddətdə dörd dəfə daha çox olduğu müəyyən edilmişdir.

Tireoid çatışmazlığı aşkarlanan hamilə qadınlara müalicə çox asandır. İstifadə edəcəyiniz Levotiroksin dərmanı hormonlarınızı dərhal tənzimləyir.

Körpənin beyninin inkişafına təsir edən digər bir hal ananın zəruri miqdarda yod qəbul edib-etməməsidir. Hamiləlik və süd ilə qidalandırma dövründə yod çatışmazlığı körpələrin beyninin inkişafdan geri qalmasına səbəb olur. Hamilə və ya körpəsini süd ilə qidalandıran qadınlar yod ehtiyacını yodlaşdırılmış duz və ya tərkibində yod olan multivitaminlər qəbul edərək ödəyə bilər. Hamilə qadınlar gündə 200 mq yod qəbul etməlidir. Bu miqdarda yod multivitaminlərin tərkibində olan yodla təmin edilə bilər. Süd ilə qidalandırma dövründə isə qadınların gündə 290 mq yod qəbul etməsi vacibdir.


zob-ve-psixologiya.jpg
02/Oct/2019

Tireod hormonlarının az ifraz olunması, yəni qalxanabənzər vəzin çatışmazlığı və ya qalxanabənzər vəzin normadan çox işləməsi zamanı bəzi mənəvi sıxıntılar və ya psixoloji dəyişikliklər meydana çıxa bilər. Tireoid hormonlarda dəyişiklik olmadan, TSH hormon səviyyəsində artım və azalmalar belə psixoloji dəyişikliklərə səbəb olur. Bu psixoloji dəyişikliklər aşağıdakılardır:
A) Tireoid hormonlarının qanımızda miqdarının yüksək olması (tireoid vəzinin normadan çox işləməsi) zamanı aşağıdakı psixoloji problemlər yaranır:
Narahatlıq
Sıxıntı
Depressiya
Anidən qəzəblənmə, qışqırma və ya əsəbilik
İnsanların çox olduğu yerlədən uzaq durmaq
Pessimistlik
Qəbizlik
Həddindən artıq hərəkətlilik, yerində dura bilməmək
Səs-küyə həddindən artıq həssaslıq
Yuxu problemləri
İştahanın pozulması
Bəzən şizofreniya
Qarabasmalar
Panik pozuntu
B) Qalxanabənzər vəzin normadan az işləməsi ilə xarakterizə olunan qalxanabənzər vəzi çatışmazlığında isə aşağıdakı psixoloji dəyişikliklər meydana çıxır:
Laqeydlik
Düşünmə və ya danışığın yavaşlaması
Unutqanlıq
Diqqətin toplanılmasında çətinlik
Depressiya
Demensiya
Beyin xəsarəti
Panik pozuntu
Psixoloji narahatlıqları olan tireoid xəstələrində diaqnozun qoyulmasında gecikmə olduqda, bu psixoloji şikayətlər aradan qalxmır.


zob-ve-ariqlama.jpg
02/Oct/2019

Qalxanabənzər vəzin çatışmazlığı maddələr mübadiləsini zəiflədən və bu səbəbdən xəstələrin əvvəlki çəkilərinə nisbətdə 15-30% kilo almalarına səbəb olan xəstəlikdir. Buna görə də,  qalxanabənzər vəzin çatışmazlığı xəstəliyi müalicə olunmadan çəkinin itirilməsi çox çətindir. Tireoid hormonu əvəzedici dərmanları  ilə xəstələrin əksəriyyətində müalicə ilə birlikdə çəki itirilsə də, xəstələrin 17%-i çəkisini itirmir. Xüsusilə menopauz dövründə olan qadınlarda bu halla tez-tez qarşılaşılır. Həm menopauz, həm də qalxanabənzər vəzin çatışmazlığı çəkinin itirilməsinə mane olur.

Qalxanabənzər vəzin çatışmazlığı olmayan, arıqlamağa çalışan şəxslər müəyyən miqdarda çəki atdıqdan sonra atılan çəkinin miqdarı azalır və ya dayanır. Bu orqanizmin özünün müdafiə mexanizmidir. Orqanizm artıq çəkinin itirilməsinə müqavimət göstərir. Bu müqavimət tireoid hormonlarının azalması ilə yanaşı başqa hormonların ifrazının artması ilə də yarana bilər. Kalori miqdarı, yəni qəbul edilən qidanın miqdarı azaldıqca, orqanizmdə olan T4 hormonun T3 hormonuna çevrilməsi azalır və nəticədə hüceyrələrə daxil olan və təsir edən T3 hormonu azaldıqca, maddələr mübadiləsi zəifləyir və çəki itirə bilmirik.

Qəbul edilən kalorinin miqdarı azaldıqca, pəhriz saxlayarkən az miqdarda qida qəbul etdikcə, piy hüceyrələrində ifraz olunan  Leptin hormonunun miqdarı qanda azalır. Doyma hissini beynə xəbər verən Leptin hormonunun azalması nəticəsində, beyində iştaha mərkəzi oyanaraq iştahanı artırır və çox miqdarda qida qəbulunə səbəb olur.

Arıqlamağa mane olan digər hormon isə Qrelin hormonudur. Bu hormon mədədən ifraz olunur və qana qarışaraq beyinə ötürülərək qida qəbulunu artırır. Arıqlamaq üçün pəhriz saxlayaraq qanda bu hormonun miqdarı artır və çəkinin itirilməsinin qarşısını alır. Bu hormonun ifrazının qarşısını ala biləcək dərman isə hələ mövcud deyil.

Orqanizmdə bəzi mineralların çatışmazlığı da arıqlamağın qarşısını alır. Manqan, xrom, sink, kalsium və maqnezium çatışmazlığı xüsusilə əhəmiyyət daşıyır. Bu minerallarda aşkar olunan çatışmazlıqlar müalicə ilə aradan qaldırılmalıdır.

T4 hormonun T3 hormonuna çevrilməsində selen mineralı da mühüm əhəmiyyət daşıdığı üçün arıqlaya bilməyən şəxslərdə selen çatışmazlığının olub-olmadığı yoxlanılmalıdır. Selen çatışmazlığı varsa, bunun aradan qaldırılması vacibdir. Bundan əlavə, sink, dəmir, mis mineralları da T4 hormonun T3 hormonuna çevrilməsində əhəmiyyətlidir. Bu minerallarda da çatışmazlığın olmadığı yoxlanılmalıdır.

Omeqa-3 qəbulunun artırılması da çəkinin itirilməsi üçün  faydalı ola bilər. Omeqa-3 yağ turşuları tireoid hormonlarının hüceyrələrə təsirini artırır. Qanda insulinin miqdarı yüksək olduqda, çəki verilməsində problemlər yarana bilər. Qanda insulin hormonun miqdarını azaltmağın əsas yollarından biri tərkibində şəkərin miqdarı yüksək olan karbohidratları qəbul etməməkdir. Ağ çörək, şəkər tozu, makaron, kartof, tort, şirniyyat, şokolad kimi tərkibində şəkərin miqdarı yüksək olan qidalar qanda insulin  miqdarını artıraraq çəki itirməyə imkan vermir. Bu qidaların əvəzinə tam buğda unundan hazırlanmış çörək (kənd çörəyi kimi), kəpəkli makaron, noxud, quru lobya, mərcimək, göy noxud, meyvə və tərəvəzlə qidalanmalısınız.

Qalxanabənzər vəzin çatışmazlığı olan xəstələrdə maddələr mübadiləsi zəiflədiyi üçün karbohidratların (unlu, şəkərli qidalar) udulması və ya parçalanması və qandakı şəkərin hüceyrələrə ötürülməsi çətinləşir. Bu səbəbdən orqanizm qanda insulin hormonunun ifrazını artıraraq qanda şəkərin miqdarını aşağı salmağa çalışır. İnsulin miqdarı artdıqca, iştahımız artır və kilo alırıq. İnsulin hormonun miqdarının artması ilə gün ərzində qanda şəkərin miqdarını azaldığı üçün yorğunluq, baş gicəllənməsi, qəzəb, qəfildən əsəbləşmə, qışqırma və aclıq hissi yaranır. Bu əlamətlərin olması, qanda şəkərin miqdarının düşməsinə işarədir. Bunu aşkar etmək üçün 3-4 saatlıq OGTT (oral qlükozaya tolerantlıq testi) tətbiq olunmalıdır.

Stress altında olan şəxslərdə stress hormonu olaraq adlandırılan kortizolun miqdarı artır və yüksəlmiş kortizol hormonu da qanda şəkərin səviyyəsini artırır.

Yuxarıda qeyd edilən amillər hipotiroidizmi olan xəstələrin çəkisinin artmasına, qan şəkərinin azalmasına səbəb olur. Arıqlaya bilmədikdə isə gələcəkdə şəkər xəstəliyi yaranır.

Bu səbəbdən karbohidrat və yağın miqdarı az olan qidalar qəbul edərək və idman edərək arıqlamağa çalışmalısınız.

Düzgün qidalanmağınıza və idmanla məşğul olmağınıza baxmayaraq, arıqlaya bilmirsinizsə, həkiminiz sizə müəyyən dərmanlar yazacaq. Bu dərmanlar arıqlamağınıza kömək edəcək.

Hipertiroidizmi olan xəstələrin selen qəbul etməsi T4 hormonunun T3 hormonuna çevirilməsini artıraraq hüceyrələrdə tireoid hormonlarının artırılmasına və maddələr mübadiləsinin sürətlənməsinə kömək edə bilər. Bu səbəbdən qanda selen miqdarını yoxlatdırmalısınız. Çatışmazlıq olduqda, həkiminiz selenin artırılması üçün dərmanlar yazacaq.

Arıqlaya bilməyən qalxanabənzər vəzin çatışmazlığı olan xəstələrin T4 və T3 dərmanlarını birlikdə qəbul etməsi bəzən faydalı ola bilər. TSH hormonun 1.5-2.5 arasında saxlanılmasının təmin edərək həkiminiz bu dərmanları tənzimləyəcək.

Yuxarıda qeyd edilənlərə əməl etməsinə baxmayaraq arıqlaya bilməyən şəxslərdə digər səbəblər araşdırılmalıdır. Bunlar insulin çatışmazlığı, reaktiv hipoqlikemiya, depressiya, stress, yuxu pozulmaları, bəzi mineral və vitamin çatışmazlıqları və qida allergiyaları ola bilər. Xüsusilə selen, sink və dəmir çatışmazlığınız varsa, bunların müalicəsi arıqlamağınız baxımından çox vacibdir.

Yekun olaraq, qalxanabənzər vəzin çatışmazlığı olan xəstələr arıqlaya bilmirlərsə, aşağıdakı səbəblər araşdırılmalıdır:

  1. Dərman yetərli səviyyədə qəbul edilirmi? TSH miqdarı lazımi səviyyədədirmi? TSH miqdarını 1-1.5 səviyyəyə aşağı salmaqla, çəkinin itirilməsinə nail olmaq olar.
  2. Qida allergiyasının olub-olmadığı araşdırılmalıdır. Qida allergiyası olduqda, çəkinin itirilməsində çətinlik yaranır.
  3. Qanda insulin miqdarı ölçülür. İnsulinin miqdarı yüksək olduqda, bununla bağlı müalicə təyin olunur.
  4. Ola bilsin ki, kalori miqdarını lazımı səviyyədə azaltmamısınız.
  5. Selen, vitamin B, yağ turşuları, maqnezium və kalsium çatışmazlığınız varsa, arıqlaya bilmirsiniz.
  6. Psixoloji stress varsa, aradan qaldırılmalıdır. Stress altında olan şəxslərin arıqlaması çətinləşir.
  7. Qanda anti-TPO səviyyəsi ölçülür. Yüksək olduqda, müvafiq müayinə və müalicə təyin olunur.
  8. Digər hormon pozulmalarının olub-olmadığı araşdırılır (kortizol çatışmazlığı, yumurtalıqda kistalar, prolaktin hormon səviyyəsinin yüksəlməsi, qanda kalsiumun azlığı kimi).

02/Oct/2019

Başqa xəstəliklərin müalicəsində istifadə etdiyimiz bəzi dərmanlar qalxanabənzər vəzin normadan az və ya çox işləməsinə səbəb ola bilər. Aşağıda göstərilən dərmanlardan istifadə etdiyimiz zaman qalxanvari vəzi hormonları vaxtaşırı olaraq yoxlanılmalıdır:

  1. Tərkibində yod olan dərmanlar: Ürək xəstəliklərinin müalicəsində istifadə edilən Kordaron (Amiodaron) dərmanının tərkibində yüksək miqdarda yod var. Bu dərmandan istifadə edən xəstələrdə qalxanabənzər vəzi çatışmazlığı ilə yanaşı, qalxanabənzər vəzin normadan çox işləməsinə də rast gəlinə bilər.

Öd kisəsinin müayinəsi zamanı istifadə edilən dərmanlar ilə rentgen və ya tomoqrafiya zamanı damardan vurulan bəzi dərmanların tərkibində yod var. Bu dərmanlarla qəbul edilən yüksək miqdarda yod daha əvvəl qeyri-aktiv olan xəstəlikləri (Haşimoto xəstəliyi, düyün kimi) oyandıra bilər. Qreyvs xəstəliyi kimi adlandırılan qalxanabənzər vəzin normadan çox işləməsi olan xəstələrdə qəbul edilən yüksək miqdarda yod xəstəliyin təkrar inkişafına səbəb ola bilər.

  1. Epilepsiya xəstəliyinin müalicəsində istifadə edilən dərmanlar: tərkibində karbamazepin və valproy turşusu olan dərmanlar qalxanabənzər vəzin normadan az işləməsinə səbəb ola bilər.
  2. Litium dərmanı: Psixoloji xəstəliklərin müalicəsində istifadə edilən və tərkibində litium olan dərmanlar qalxanabənzər vəzin çatışmazlığına səbəb ola bilər. Buna görə də, vaxtaşırı olaraq TSH hormonu müayinə olunmalıdır.
  3. Yüksək dozada kortizon. Kortizon dərmanının həddindən artıq istifadəsi qalxanabənzər vəzin çatışmazlığına səbəb ola bilər. Bu dərmandan istifadə edənlərdə TSH hormonunda azalma müşahidə edilir.  Buna görə də, vaxtaşırı olaraq TSH hormonu müayinə olunmalıdır.
  4. Tüberküloz dərmanı etionamid: Vərəm xəstəliyinin müalicəsində istifadə edilən və tərkibində etionamid maddəsi olan dərmanlar qalxanabənzər vəzin çatışmazlığına səbəb ola bilər.
  5. Hepatitin müalicəsində istifadə edilən interferon və interleykin preparatı: Hepatit B və C müalicəsində istifadə edilən interferon və interleykin preparatı qalxanabənzər vəzin çatışmazlığına və bəzən qalxanabənzər vəzi hormonlarının həddindən artıq ifraz olunmasına səbəb ola bilər.
  6. Menapauzun müalicəsində istifadə edilən izoflavon: Menapauz dövründə olan qadınların hərarətin qalxması kimi şikayətlərinin aradan qaldırılması üçün istifadə edilən soya lobyasından əldə edilən izoflavon dərmanı əgər qadında yod çatışmazlığı varsa, qalxanabənzər vəzi çatışmazlığına səbəb ola bilər. Bu səbəbdən bu dərmandan istifadə edən qadınlarda sidikdə yodun miqdarı ölçülməli və çatışmazlıq olduqda, bu dərman istifadə edilməməlidir. İzoflavon qalxanabənzər vəzində TPO fermentinin funskiyasını pozaraq vəz tərəfindən yodun udulmasına mane olur.
  7. Kontraseptivlər (hamiləlik əleyhinə həblər) və estroqen istifadə edən qadınlar: Əgər bu qadınlar qalxanabənzər vəzin çatışmazlığı səbəbiylə tərkibində levotiroksin olan dərmanlar qəbul edirlərsə, dərmanın dozası artırılmalıdır.
  8. Coumadin dərmanını istifadə edən ürək xəstələri: Coumadin dərmanı qanın durulaşdırılması üçün istifadə edilir. Bu xəstələr levotiroksin dərmanı qəbul edirlərsə, doza tənzimlənməlidir.
  9. Levotiroksin dərmanının bağırsaqlardan qana keçməsini azaldan dərmanlar: dəmir dərmanları, kalsium həbləri, mədə dərmanları levotiroksin dərmanı ilə birlikdə istifadə edildikdə, bu dərmanların bağıraqdan udulması pozulur. Bu səbəbdən bu dərmanlar başqa bir yeməkdə və ya 4 saatdan sonra qəbul edilməlidir.

02/Oct/2019

Qalxanabənzər vəzin normadan çox və ya az işlədiyi hallarda orqanizmizdəki vitaminlərin metobalizmasında dəyişikliklər yaranır. Bu zaman bəzi vitaminlərin qəbulu faydalı olsa da, bəzi vitaminlərdən istifadə  tövsiyə edilmir. Hipertiroidizm adlandırdığımız qalxanabənzər vəzin normadan çox işlədiyi və hipotiroidizm adlandırdığımız qalxanabənzər vəzin normadan az işlədiyi hallarda vitaminlərdə yaranan dəyişikliklərlə bağlı hansı dəstəkləyici vitaminlərdən istifadə edilməli olduğu aşağıda göstərilmişdir:

  1. Hipotiroidizm (qalxanabənzər vəzin normadan az işləməsi) xəstəliyi zamanı vitamin dəyişiklikləri:

Hipotiroidizm zamanı orqanizmdə vitamin A-ya çevirilən beta karotin maddəsi qanda yığılır və vitamin A-ya çevrilmir. Bu səbəbdən qalxanabənzər vəzi çatışmazlığı olan şəxslər tərkibində  vitamin A olan multivitamin preperatları qəbul etməlidir.
Hipotiroidizm zamanı vitamin E-də qanda artır. Bu səbəbdən vitamin E qəbuluna ehtiyac yoxdur.
Tiamin vitamini qalxanabənzər vəzi ifrazını azaltdığı üçün tireoid çatışmazlığı zamanı qəbul edilməməlidir.
Hipotiroidizm zamanı qanda riboflavin (vitamin B2) səviyyəsi aşağı düşür.  Bu vitamin T4 hormonun T3 hormonuna çevrilməsini artırdığı üçün bu xəstələr bu vitamini qəbul etməlidir.
Pridoksin, yəni vitami B6 qalxanabənzər vəzi hormanının ifrazını və təsirini artırdığı üçün hipotiroidizm zamanı istifadə edilməsi tövsiyə edilir.
Hipotiroidizm zamanı qanda homosistein səviyyəsi artır və nəticədə ürəyin işemik xəstəliyi riski də artır. Buna görə də, fol turşusu vitamini, vitamin B12 və vitamin B6-nın qəbulu faydalı hesab olunur və homosistein səviyyəsində azalmanı təmin edir.
Yekun olaraq, qalxanvari vəzi çatışmazlığınız varsa, vitamin B2, B6, fol turşusu və B12 qəbulu tövsiyə edilir. Bununla yanaşı, vitamin A və vitamin E də qəbul edilməlidir.

  1. Hipertiroidizm (qalxanabənzər vəzin normadan çox işləməsi) xəstəliyi zamanı vitamin dəstəyi:

Qalxanabənzər vəzi normadan çox işləyənlərdə qanda vitamin A-nın miqdarı azalır və bəzi xəstələrdə qaranlıqda görmə ilə bağlı çətinliklər yarana bilər. Bu səbəbdən vitamin A qəbulu faydalı hesab olunur.
Qalxanabənzər vəzi normadan çox işlədiyi və ya hipertiroidizm zamanı bağırsaqlarda kalsiumun udulma miqdarı azalır və böyrəklərdən və nəcislə kalsiumun xaric olunma miqdarı artır. Qanda vitam D səviyyəsi normal olur. Ağır hipertiroidizm olan bəzi xəstələrdə qanda kalsiumun miqdarı arta bilər. Buna görə də qanda kalsium miqdarı yoxlanılmalıdır.
Vitamin E hipertiroidizm olan xəstələrdə oksigen radikallarının yaranmasının qarşısını almaqda effektivdir. Qalxanabənzər vəzi normadan çox işləyən xəstələrdə qanda vitamin E və koferment Q10 səviyyələri aşağı düşdüyü üçün vitamin E və koferment Q10 qəbul edilməlidir.
Qalxanabənzər vəzi normadan çox işləyən şəxslərə Tiamin (vitamin B1) verilməsi faydalı hesab olunur. Vitamin B1 hipertiroidizmlə bağlı şikayətləri azalatmaqla yanaşı, bu xəstəliklə bağlı menustruasiya pozulmalarının qarşısını alır. Vitamin B1 qalxanabənzər vəzin hormon ifrazını azaldır.
Hipertiroidizm zamanı orqanizmin vitamin B6-ya ehtiyacı artır və onun miqdarı qanda azalır. Bu səbəbdən vitamin B6 qəbulu faydalıdır.
Qalxanabənzər vəzi normadan çox işləyənlərdə qanda vitamin B12 və fol turşusu səviyyələrində azalma müşahidə olunmur.
Qalxanabənzər vəzi normadan çox işləyənlərdə vitamin C səviyyəsində azalma müşahidə olunur. Bu səbəbdən vitamin C qəbulu faydalıdır.
Yekun olaraq, hipertiroidizm zamanı orqanizmi oksidan maddələrin, yəni oksigen radikallarının zərərli təsirindən qoruyacaq  antioksidan vitaminlər adlandırdığımız vitamin A, vitamin E və vitamin C və koferment Q 10 səviyyələrdə azalma yarandığından qəbul edilə bilər. hipertiroidizm xəstələrinin antioksidan vitaminlər (vitamin A, E, C) ilə birlikdə tiamin və B6 vitaminlərini istifadə etmələri faydalıdır.


02/Oct/2019

Qalxanabənzər vəzin və ya tiroid vəzin yaxşı işləməsi üçün meyvə və tərəvəzdən çox istifadə edilməli, zülalla zəngin qidalar qəbul edilməlidir. Orqanizmin zəruri miqdarda zülal qəbul etməsi qalxanabənzər vəzin yaxşı işləməsini təmin edir. Xüsusilə həftədə iki dəfə yağlı balıqla qidalanmaqla zəruri miqdarda Omeqa-3 yağ turşuları qəbul edilməlidir. Həddindən artıq karbohidratlı qida qəbulu və yağlı yeməklər qalxanabənzər vəzi üçün zərərlidir. Unlu və nişastalı qidalar da azaldılmalıdır.
Meyvə və tərəvəz ilə zəruri miqdarda A, C və E vitamini kimi antioksidan vitaminləri qəbul edənlərdə qalxanabənzər vəzin xərçənginə daha az rast gəlindiyi üçün çoxlu meyvə və tərəvəz yeyilməlidir.
Qara kələm, balqabaq, turp, ağ turp və gül kələmi kimi tərəvəzlər zob əmələ gətirmir. Bu səbəbdən onlardan rahatlıqda istifadə edilə bilər. Soya paxlasının zob əmələ gətirmə kimi bir təsiri olmamasına baxmayaraq, yod çatışmazlığı zamanı zobun yaranmasına səbəb ola bilər. Ölkəmizdə yod çatışmazlığı yüksək olduğundan, qalxanabənzər vəzinin sağlamlığını qorumaq üçün soya və soya tərkibli məhsulları çox istifadə etmək tövsiyə edilmir. Soyadan alınan İzoflavon prepartından menopauza zamanı ağırlaşmaları azaltmaq üçün tez-tez istifadə edilir. Əgər yod çatışmazlığınız varsa, İzoflavon preparatının zob və qalxanabənzər vəzi hormanlarında pozulmalara səbəb ola biləcəyini unutmayın.
Qalxanvari vəzimiz üçün əhəmiyyətli qidalardan biri müxtəlif meyvə və tərəvəzlərə rəng verən “flavonoid” adlı kimyəvi maddələrdir. Bunlar bizi xərçəng və ürək xəstəliklərindən qoruyur. Bu maddələr normal meyvə və tərəvəz ilə qəbul edildikdə, qalxanabənzər vəziyə heç bir zərər vermir, lakin dəstəkləyici preparatlarla (qenistein, kversetin kimi) həddindən artıq qəbul edildikdə, yodun qalxanabənzər vəz tərəfindən udulmasının qarşısını alaraq zobun yaranmasına səbəb ola bilər. Bitki tərkibli (herbal) dərmanlardan istifadə edərkən, onların tərkibində qenistein və kversetinin olmamasına diqqət yetirin.
Hindqozu, balıq və kətan toxumu qalxanabənzər vəzin yaxşı işləməsini təmin edir.
Kofein, alkoqol, siqarət və şəkər tozu qalxanabənzər vəzi üçün zərərli hesab olunur. Onlardan daha az istifadə edilməlidir.
Suların tərkibində xlor və flüorun həddindən artıq olması qalxanabənzər vəzinə zərər verdiyi üçün suda bu mineralların çox olmamasına diqqət yetirilməlidir. Xüsusilə fosfatlı gübrələrlə qarışmış suda xlorun miqdarı daha çox olur və zobun yaranmasına səbəb olur.
Dişlərin müalicəsi zamanı amalqam və civədən istifadə etməməkdə qalxanabənzər vəzin sağlamlığı üçün əhəmiyyət daşıyır.
Qalxanvari vəzi tərəfindən sintez edilən T4 hormonun T3 hormonuna çevrilməsində faydalı olan selen, sink, E vitamini və B6 vitamini tərkibli qidaların zəruri miqdarda qəbulu qalxanabənzər vəzin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır.
Ölkəmizdə selen və yod çatışmazlığı var. Qalxanabənzər vəzi xəstəliklərindən qorunmaq üçün yodlu duz yeyilməli və selenlə zəngin qidalar qəbul edilməlidir.
Selenin əhəmiyyəti:
Kişilər gündə 75 mq, qadınlar isə gündə 60 mq selen qəbul etməlidir. Qandan selenin səviyyəsi minimum 85mq/L olmalıdır. Bir dilim buğda çörəyində 10 mq selen var. Qoz, ət, içalat, balıq və qabıqlı dəniz məhsulları, kəpəkli unlar, süd məhsulları, meyvə-tərəvəz və yumurta kimi qidaların tərkibi selen ilə zəngindir.
Tərkibində zülal az olan məhsullarla qidalanma zamanı selen çatışmazlığına tez-tez rast gəlinir və qalxanabənzər vəzin ifraz etdiyi hormonlar  orqanizma kifayət qədər təsir edə bilmir. Qeyd etdiyimiz kimi, bir dilim tam buğda çörəyində 10 mq selen var. Bu səbəbdən ağ çörək yerinə tam buğdadan hazırlanan çörəkdən istifadə edilməlidir. Qoz, qırmızı ət, balıq və qabıqlı dəniz məhsulları, kəpəkli unlar, süd məhsulları, meyvə-tərəvəz və yumurta kimi qidaların tərkibində selen miqdarı yüksəkdir. Həddindən artıq selen qəbulu zərərlidir. Gündəlik 400 mq-dan çox selen qəbul edilməməlidir. Yüksək  miqdarda selen qəbulu nəticəsində T3 hormonu azalır və TSH (tireoid stimulə edici hormon) hormonu artır və yüngül formalı qalxanvari vəzi çatışmazlığı yaranır, çəki artır. Selen çatışmazlığı zamanı orqanizmdə E vitamini azalır və qalxanabənzər vəzin iltihabına tez-tez rast gəlinir. Bu səbəbdən selen və E vitaminin birlikdə qəbulu tövsiyə edilir.
Sink çatışmazlığı:
Sink çatışmazlığı zamanı qalxanabənzər hormonların metabolizması pozulur və qanda T3 və T4 hormonu 30% azalır. T4 hormonun T3 hormonuna çevrilməsini təmin edən ferment sink çatışmazlığı zamanı 67% nisbətində azaldığı üçün T3 hormonu çatışmazlığı yaranır. Bu səbəbdən sinklə zəngin pendir, mal əti, kəpəkli çörək, toyuq, yumurta sarısı, süd və süd məhsulları, balıq, kartof, qoz, badam, dənli bitkilər, quru lobya, kələm, günəbaxan toxumu və quzu əti kimi qidalar qəbul etmək qalxanabənzər vəzimizin sağlamlığı üçün vacibdir.
Duzdan istifadə:
Zobun yaranmasında ən böyük amil torpaq və suda zəruri miqdarda duzun olmamasıdır. Zob xəstəliklərinin qarşısını almaq məqsədilə bazarda satılan duzlar 1999-cu ildən etibarən yodlaşdırılır. Duzların yodlaşdırılması zob xəstəliyinin qarşısını almaqla yanaşı, həddindən artıq yod qəbulu bəzi şəxslərdə zərərli yan təsirlərə və ya xəstəliklərə səbəb ola bilər. Bazardakı duzların yodlaşdırılmasından sonra klinikamıza müraciət edən xəstələrdə hipertiroidizm adlanan qalxanabənzər vəzinin normadan çox işləməsi ilə xarakterizə olunan xəstəliyin (xalq arasında buna zəhərli zob da deyilir) rastlanma tezliyi getdikcə artmışdır. Qalxanabənzər vəzi normadan az işləyən xəstələrdə (hipotiroidizmi olanlar) yodlu duzdan istifadə bu xəstəliyi daha da ağırlaşdırmışdır. Bu səbəbdən yeməklərdə istifadə etdiyimiz duzun yodlaşdırılmış və ya yodsuz olması bəzi şəxslər üçün əhəmiyyət daşıyır.
Kimlər yodlaşdırılmış duzdan istifadə etməlidir?
Bədənimizdə boyunuzumun ön hissəsində yerləşən qalxanabənzər vəzin zəruri miqdarda hormon ifraz etməsi üçün gündəlik ən azı 150 mq yod qida və içəcəklər vasitəsilə qəbul edilməlidir. Zəruri miqdarda yod qəbul etmədikdə, zob xəstəliyi yaranır. Zob xəstəliyinin qarşısını almaq üçün daha əvvəl qalxanabənzər vəzi xəstəliyi keçirməyən uşaqlar, böyüklər və hamilə qadınlar yodlaşdırılmış duzdan istifadə etməlidir. Qalxanabənzər vəzi xəstəliyinizin olduğundan şübhələnirsinizsə, endokrinoloqa müraciət edin. Hansı duzdan istifadə edəcəyinizə endokrinoloq qərar verməlidir. Uşağın anasından əmdiyi südün tərkibində olan yod uşağın beyninin inkişafı üçün çox vacibdir. Ana südü ilə zəruri miqdarda yod qəbul edilmədikdə, uşağın beyni yaxşı inkişaf etmir. Bu səbəbdən körpəsinə süd verən anaların yodlaşdırılmış duz qəbul etməsi və ya zərur miqdarda yod qəbul etməsi olduqca önəmlidir. Bu məqsədlə tərkibində yod olan vitaminlər qəbul edilə bilər. Ana siqaretdən istifadə etdikdə, südlə körpəyə keçən yodun miqdarı azalır. Buna görə də, körpənizi südlə qidalandırdığınız dövrdə siqaretdən istifadə etməyiniz sizin qədər körpənizin sağlamlığı üçün də zərərlidir. Siqaretdən istifadə edirsinizsə, daha çox yod qəbul etməlisiniz.
Kimlər yodsuz duzdan istifadə etməlidir?
Düyünlü zob, hipertiroidizm (qalxanabənzər vəzi normadan çox işləyən və ya zəhərli zobu olanlar), hipotiroidizm (qalxanabənzər vəzi normadan az işləyənlər) olan xəstələr xüsusilə yodsuz duz qəbul etməlidir. Bu cür xəstlərə yodlaşdırılmış duz qəbul etdikdə, xəstəlikləri ağırlaşır. Yodlaşdırılmış duzdan istifadə edən xəstədə qəbul edilən yod düyünün normadan çox işləməsinə və hipertiroidizm adlandırdığımız qalxanabənzər vəzin normadan çox işləməsi (tərləmə, ürək döyünməsi, arıqlama, əsəbilik, əllərdə titrəmə ilə özünü bürüzə verir) ilə xarakterizə olunan xəstəliyin yaranmasına səbəb olur. Qanda anti-TPO (tireoperioksidazaya qarşı anticisimlər) miqdarı yüksək olan şəxslər yodlaşdırılmış duzdan istifadə etdikdə, bu, qalxanabənzər vəzin normadan az işləməsinə səbəb ola bilər. Bu cür xəstəliyi olanlar xüsusilə yodsuz duz qəbul etməlidir. Yodsuz duz supermarket və ya dükanlarda satılır və onların qablaşdırmasında və ya etiketində yodsuz duz olduğu yazılır. Duz alarkən buna xüsusi diqqət yetirin. Ailədə bir nəfər yodsuz duz qəbul edirsə, yeməklər duzsuz bişirilir və hər kəs öz duzundan istifadə edir. Çünki inkişafda olan uşaqlar ilə hamilə və körpəsini südlə qidalandıran qadınların yoda ehtiyacı var. Yodsuz duz qəbul etməli olan və qalxanvari vəzi xəstəliklərindən əziyyət çəkən şəxslər rentgen zamanı istifadə edilən və tərkibində yod olan dərmanlardan da təsirlənir. Koronar anqioqrafiya və ya tomoqrafiya zamanı istifadə edilən dərmanlardan 3-5 gün sonra müvəqqəti qalxanabənzər vəzi çatışmazlığı yarana bilər.


02/Oct/2019

Ailə üzvlərində qalxanvari vəzi xəstəliyi olanlarda
Ailəsində zob, haşimoto xəstəliyi, qalxanvari vəzi şişi, qalxanvari vəzin xərçəngi və Qreyvs xəstəliyi kimi qalxanvari vəzi xəstəlikləri olan xəstələrdə zob xəstəliyinə daha tez-tez rast gəlinir.
50 yaşından yuxarı qadınlarda qalxanvari vəzi çatışmazlığı artır. Kişilərdə isə 60 yaşından sonra qalxanvari vəzi xəstəliyinə daha çox rast gəlinir.
Daha əvvəl qalxanvari vəzi xəstəliyi və ya qalxanvari vəzi əməliyyatı keçirən xəstələrdə
Daha əvvəl hər hansı qalxanvari vəzi xəstəliyi keçirmiş xəstələrdə bu xəstəliyə rast gəlinmə tezliyi daha yüksəkdir. Daha əvvəl qalxanvari vəzin çatışmazlığı və ya qalxanvari vəzin normadan çox işləməsi, tiroidit adlanan qalxanvari vəzin iltihabından əziyyət çəkmisinizsə, bu xəstəliklərin bəziləri təkrar inkişaf edə bilər və hormonlarınızda vaxt keçdikcə dəyişikliklər yarana bilər.
Zob xəstəliyi olan xəstələrdə
Qalxanabənzər vəzin (tireoid vəzi) böyüməsi zob adlanır. Zobu olan xəstələrin hormanlarında artma və ya azalma ola bilər. Boyununuzda şişkinliyin olması sizdə zobun olmasının əlamətidir. Zobu olan şəxslərdə qalxanvari vəzi xəstəliyinin inkişafı və ya qalxanvari vəzi hormanlarında pozulma mümkündür.
Siqaretdən istifadə edən şəxslərdə
Siqaret çəkən şəxslərdə zob və ya digər qalxanvari vəzi xəstəliklərinə daha sıx rast gəlinir.
Klimaks və ya menopauza dövründə olan qadınlarda
Klimaks və ya menopauza dövründə olan qadınlarda qalxanvari vəzi xəstəliklərinin əmələ gəlmə riski artır.
Böyrəküstü vəzi çatışmazlığı, revmatoid artrit, qırmızı qurd eşənəyi (Lupus xəstəliyi) olan şəxslərdə
Böyrəküstü vəzinin az işləməsi (Addison xəstəliyi) və digər revmatizm xəstəliklərinə Haşimoto və ya Qreyvs kimi adlanan qalxanvari vəzi xəstəlikləri ilə birlikdə daha sıx rast gəlinir. Bu cür xəstəlikləriniz varsa, qalxanvari vəzi hormonlarını müayinə etdirməlisiniz.
Şəkər xəstələrində
Şəkər xəstələrində qalxanvari vəzi hormanlarında pozulmaya daha sıx rast gəlinir. Şəkər xəstəliyiniz varsa, ildə bir dəfə tireoid stimulə edici hormon (TSH) səviyyəsini ölçdürməlisiniz.
Qalxanvari vəzi iltihabı (tiroidit) keçirənlərdə
Daha əvvəl qalxanvari vəzi iltihabı (tiroidit) keçirənlərdə qalxanvari vəzi xəstəliyi təkrar inkişaf edə bilər. Bu şəxslərin bəzilərində qalxanvari vəzi çatışmazlığı yaranma riski olduğundan onlar həkim nəzarəti altında olmalıdır.
Doğuşdan sonra bəzi qadınlarda qalxanvari vəzi çatışmazlığı yarana bilər
Doğuşdan sonra ilk iki il ərzində 5-7% qadında qalxanvari vəzi çatışmazlığına rast gəlinə bilər. Halsızlıq, yorğunluq və yaddaşın itirilməsi kimi şikayətləriniz varsa, tireoid stimulə edici hormon (TSH) səviyyəsinizi ölçdürün.
Allergiya xəstəliyi olan şəxslərdə
Məxmərək adlanan dəri xəstəliyi, qaşıntı və allergik riniti olan şəxslərdə qalxanvari vəzi hormanlarında pozulma ola bilər. Bu şəxslərdə qalxanvari vəzi müayinələrinin aparılması tövsiyə edilir.
Qanazlığı olan şəxslərdə
Qanazlığı qalxanvari vəzin çatışmazlığında sıx rastlanır. Hipotiroidizm adlandırdğımız qalxanvari vəzin çatışmazlığında (xüsusilə Haşimoto xəstəliyində) dəmir və B12 vitaminin çatışmamazlığı ilə əlaqədar qanazlığı yaranır.
Qanda lipidlərin (xolestrol və ya triqliserid) səviyyəsi yüksək olan şəxslərdə
Qalxanvari vəzui çatışmazlığı və ya şəkər xəstələrində qanda lipidlərin səviyyəsi yüksək olur. Qanda lipidlərin səviyyəsi yüksək olan şəxslərdə qanda şəkərin miqdarı ilə birlikdə qalxanvari vəzi hormanlarının səviyyəsi də ölçülməlidir.
Daun və ya terner sindromu olan xəstələrdə
Daun və ya terner sindromu olan uşaqlarda doğumla birlikdə yaranan genetik xəstəlikdir. Bu xəstəliyi olanlarda qalxanvari vəzi hormonlarında pozulmaya daha sıx rastlandığı üçün qalxanvari vəzi hormonlarının səviyyəsi ölçülməlidir.
Baş və ya beyin zədələnməsi və ya beyin əməliyyatı keçirən xəstələrdə
Hər hansı səbəbdən beyin travması və ya xəsarəti keçirən şəxslərdə beyində yerləşən hipofiz vəzində zədələnmə və daha sonra qalxanvari vəzi çatışmazlığı yarana bilər. Hipofiz vəzindən əməliyyat olunan xəstlərdə qalxanvari vəzi hormonu müayinələri aparılmalıdır.
Bəzi dərmanları istifadə edən şəxslərdə
Ürək ritmi pozulmasının müalicəsi üçün amiodaron dərmanından istifadə edən xəstələrdə, psixiatrik xəstəliklərin müalicəsində istifadə edilən litium tərkibli dərmanlar qəbul edən və hepatitin müalicəsi üçün  interferon alfa və beta kim dərmanlardan istiadə edən xəstələrdə tireoid hormonlarının pozulmasına tez-tez rast gəlinir. Bu dərmanlardan istifadə edərkən vaxtaşırı olaraq qalxanvari vəzi hormon müayinələri aparılmalıdır.
Baş və boyun üçün radioterapiyadan (şüa müalicəsindən) istifadə edənlər
Baş və boyun üçün radioterapiyadan (şüa müalicəsindən) istifadə edənlərdə tireoid hormonlarının pozulmasına tez-tez rast gəlinir.
Erkən doğulmuş, çəkisi çox az olan uşaqlarda
Erkən doğulmuş və çəkisi çox az olan uşaqlarda tireoid hormonu pozulması ola bilər. Bu cür uşaqların analarında da qalxanvari vəzi hormonları müayinə olunmalıdır.
Süd vəzi xərçəngi olan xəstələrdə
Qalxanabənzər vəzin çatışmazlığı və qalxanvari vəzi düyünlərinə süd vəzisi xərçəngi olan qadınlarda tez-tez rast gəlindiyi üçün bu cür xəstələrdə qalxanvari vəzi hormonları müayinə olunmalıdır.
Qanda natrium miqdarı aşağı olan şəxslərdə
Qalxanvari vəzin çatışmazlığı bəzi şəxslərdə qanda natrium miqdarını aşağı sala bilər. Nadir hallarda, sadəcə qanda natrimun miqdarının aşağı düşməsi ilə özünü büruzə verən qalxanvari vəzi çatışmazlığı yarana bilər. Bu şəxslərdə qalxanvari vəzi hormonları müayinə olunmalıdır.
Qanda CPK (kreatin fosfakinaz) və LDH (laktat dehidroqenaz) səviyyəsi yüksək olanlarda
Hər hansı səbəblə qan müayinəsi aparıldığı zamanı qanda CPK (kreatin fosfakinaz) və LDH (laktat dehidroqenaz) səviyyəsi yüksək olan şəxslərdə qalxanvari vəzi çatışmazlığı ola bilər. Bu şəxslərdə TSH hormon səviyyəsi yoxlanılmalıdır.
Qaraciyər müayinələrinin (SGOT, SGPT, ALP, GGT) nəticələri yüksək olanlarda
Hər hansı səbəblə qaraciyər müayinələri adlandırılan SGOT, SGPT, qələvi fosfataza (ALP) və GGT müayinələri yüksək olduqda qalxanvari vəzi çatışmazlığı ola bilər. Bu şəxslərdə qalxanvari vəzi hormonları müayinə olunmalıdır.
Prolaktin adlanan  hormonu yüksək olanlarda
Qalxanvari vəzi çatışmazlığı zamanı qanda prolaktin hormonu arta bilər. Bu səbəbdən prolaktin hormonu yüksək olan şəxslərdə mütləq qalxanvari vəzi hormonları müayinə olunmalıdır. Bu xəstələrdə süd vəzilərdən süd gəlməsi və menstrual nizamsızlıq şikayətləri ola bilər.
Hepatit C virusu daşıyıcılarında
Aparılan tədqiqatlar Hepatit C virusu daşıyıcılarında qalxanvari vəzi çatışmazlığına 13% kimi yüksək nisbətdə, yəni tez-tez rast gəlindiyini aşkar etmişdir. Bu xəstələrin qanlarında anti-TPO və anti-tiroqlobulin səviyyələri yüksək olmuşdur. Bu səbəbdən hepatit C virusu daşıyıcıları və xəstələri vaxtaşırı TSH hormon səviyyəsi müayinə olunmalıdır.
Qanda kalsium miqdarı yüksək olanlarda
Çox nadir hallarda, təsadüfən qanda kalsimun miqdarının yüksək olduğu aşkarlanan şəxslərdə qalxanvari vəzin normadan çox işləməsinə rast gəlinə bilər.


ƏLAQƏ MƏLUMATLARI

(050) 319-33-83

İŞ SAATLARI
B.ERT.-ŞƏNBƏ: 08:00 – 17:00

© Zobhekimi.az Bütün hüquqlar qorunur.